Мой сайт Воскресенье, 17.12.2017, 22:44
Приветствую Вас Гость | RSS
Меню сайта

Мини-чат

Block title

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

DAXİL OL

Поиск

EHLI-BEYT

Tarix boyu bir çox ideoloji məktəblər olmuşdur. Bunlardan bir çoxu bu gün də öz varlığını davam etdirməkdədir. Bu məktəbləri İlahi vəhy məktəbi və bəşəri fikir məktəbi də adlandıra bilərik. Heç şübhəsiz ki,
 bu məktəblərin ideoloji rəhbərləri də vardır. İdeoloji rəhbər olmadan bu məktəblər öz prinsiplərini təyin və təbliğ etməkdə çox böyük çətinliklərlə üzləşərlər. Bunun üçün də yaradılışdan indiyə qədər hər bir ideoloji məktəbin bir imamı, yəni rəhbəri olmuşdur. Bu məktəblər mənfi və müsbət olaraq, cəmiyyətlərin və sivilizasiyaların həyatında böyük izlər qoymuşdur. Öz prinsiplərini vəhy yolu ilə Allahdan alan məktəbləri (ilahi dinləri) istisna etməklə, deyə bilərik ki, bəşəri fikrə əsaslanan bu fəlsəfi məktəblərin demək olar ki, heç biri nöqsandan xali olmamışdır. Çünki bu cərəyanlar öz həyat baxışlarını vəhyə yox, öz naqis bəşəri düşüncələrinə əsaslandırmışlar. Bunun əksi olan vəhy məktəbinin tərəfdarları isə bütün məsələlərə vəhy baxımından yanaşaraq, cəmiyyətlərin və sivilizasiyaların həyatına müsbət təsirlər göstərmişlər. 
Bəndəliyə dəvət məktəbi olan İslam məktəbi insanları qaranlıq fikirlərdən və həyat tərzindən, ümumiyyətlə, qaranlıq dünyagörüşündən uzaqlaşdıraraq, nura çıxarmağı başlıca məqsəd seçmişdir. Və bu məktəbin rəhbərləri Peyğəmbərlər olmuşlar. Peyğəmbərlik silsiləsinin bitməsindən sonra bu ilahi missiya qiyamətə qədər davam edəcəkdir. Peyğəmbərimiz Həzrəti Muhəmməddən (Ona və ailəsinə Allahın salamı olsun) sonra onun missiyasının layiqli davamçısı olan və onun sünnəsini həqiqi şəkildə yaşayanlar və bilənlər məhz Əhli-Beyt İmamları olmuşlar. Biz Əhli-Beyt İmamlarının rəhbərliyi altında qurtuluşa yetişə bilərik. Bunun təsbiti üçün bir çox dəlillər mövcuddur ki, onlardan bir qismini aşağıda təqdim edəcəyik.
Əhli-Beyt məktəbinin Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) tərəfindən bizə tapşırılması haqqında bir hədisə diqqət edək: Həzrət Rəsulullah ömrünün sonlarında vida həccində söylədiyi bir xütbədə müsəlmanlara buyurdu: «Aranızda iki ağır əmanət qoyuram. Biri Allahın kitabı olan Quran və biri də mənim Əhli-Beytim». Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) 23 illik peyğəmbərliyi müddətində müsəlmanları ilahi vəzifələrlə mükəlləf etmişdir. Bu mükəlləfiyyət Quran və Əhli-Beytə sahib çıxmaq və onları qorumaqla tamamlanmışdır. Bu illər ərzində (23 il müddətində) namaz, oruc və s. bu kimi ilahi mükəlləfiyyətlərlə yanaşı, müsəlmanlar Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) tərəfindən son olaraq iki ağır və dəyərli əmanətlə də mükəlləf edilmişlər. Bu əmanətlər bir-birindən heç vaxt ayrı olmamışdır. Bunun üçün də Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) bu bir-birindən ayrılmayan iki ağır və dəyərli əmanəti bir yerdə qorumağı tapşırmışdır. İslam ümməti yolunu azmamaq üçün onlara sarılmaqla və onları qorumaqla mükəlləfdir. Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) buyurur: «Ey insanlar, mən sizin aranızda elə bir şey qoymuşam ki, əgər onu saxlasanız heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı (Quran) və Əhli-Beytim».
Bəs müsəlmanlar bu iki ilahi əmanətə necə sahib çıxsınlar, onları necə qorusunlar? İlk öncə Quran adlı ilahi əmanətin necə qorunacağını öyrənək.

Quran əmanəti
Uca Allah Öz kitabını qiyamətə qədər qoruyacağına dair ayə nazil etmişdir. Belə ki, ayədə buyurulur: «Həqiqətən bu Quranı biz nazil etdik və həqiqətən də onu qoruyacağıq». («Hicr»; 9). Qurani-Kərimin Allah tərəfindən qorunacağını Peyğəmbər bilə-bilə onu qorumağı müsəlmanlara nə üçün tapşırdı? Yoxsa bu ilahi əmanəti qorumağı müsəlmanlara tapşırmaqda məqsəd başqadır?! Bunun həqiqətini öyrənməyə çalışmalıyıq. Quran adlı əmanəti necə qoruya bilərik? Onu oxumayan, yaşamayan, onun məntiqinin əksinə bir həyat tərzi sürən Qurana sahib çıxmış hesab edilə bilməz. Və ya onu qara parçaya bükərək, ona «əmanətdir» deyib sahib çıxmaq olmaz. Bu hədisin istədiyi, yəni Quran əmanətinə sahib çıxmaq, bizim onun ayələrini həyatımızda tərənnüm etmək istəyimiz və Qurani bir həyat tərzi sürməyimizdir. Bu Quran əmanəti həqiqətdə cismaniliklə yanaşı mənəvi əmanətdir.

Əhli-Beyt əmanəti
Bəs hədisdə qeyd olunan Əhli-Beyt necə? Bildiyiniz kimi, Həzrət Mehdi (Ona Allahın salamı olsun) istisna olmaqla, bütün imamlarımız şəhid olmuşdur. Həzrət Mehdi (Ona Allahın salamı olsun) də ilahi vədin həqiqət tapacağı günə qədər qeybdə olacaqdır. Bəs bizlər bu Əhli-Beyt adlı əmanətə necə sahib çıxaq, onu necə qoruyaq? Onlara əlimiz yetişsəydi, qapılarının ağzında gözətçi olub onları qoruyardıq və əmanətə sahib çıxardıq. İndi əlimiz cismani olaraq onlara yetişmir. Bu ağır və ilahi əmanəti necə qoruyaq? Əsas mövzumuz da elə budur.
Əhli-Beyt adlı bu ağır və ilahi əmanət də cismaniliklə yanaşı mənəvi əmanətdir. Bu əmanət məktəb əmanətidir, yol əmanətidir, Muhəmməd ümmətinə həqiqi bir istiqamətdir. İmam Həsən (Ona Allahın salamı olsun) xütbəsinin bir hissəsində buyurur: «Biz, Allahın qalib dəstəsiyik. Biz, Peyğəmbərin yaxın əqrəbaları və onun məsum Əhli-Beytiyik (necə ki, Quran da bunu təsdiq edir: «Allah Taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-Beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin» (Əhzab/33) -müəl.). Rəsulullahın ümmət arasındakı iki dəyərli əmanətindən biri daxilində hər şeyin açıqlanması olan və heç bir tərəfdən batilə yer olmayan Quranın ikincisi bizik. O halda Quranın təfsiri üçün bizdən yardım alınmalıdır. Çünki Quranın həqiqətlərinə yəqinliklə yetişirik. (Necə ki, Quran bunu təsdiq edir: «Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir» (Ənkəbut/49) -müəl.). Bizə itaət edin, çünki bizə itaət vacibdir və bizə itaət Allaha və Rəsuluna itaət hesab edilir. Allah-Taala buyurur: «Ey iman gətirənlər! Allaha, Rəsuluna və sizlərdən olan əmr sahiblərinə itaət edin. Və əgər bir şeydə ixtilaf etsəniz, onu Allaha və Rəsuluna həvalə edin». Yenə buyurmuşdur: «Halbuki onu Rəsula və içlərindən olan əmr sahiblərinə (yəni uliləmrə) tapşırsaydılar, onların arasından o işin iç üzünü anlayanlar onun nə olduğunu bilərdilər».
Həmçinin İmam Cəfər Sadiq (Ona Allahın salamı olsun) buyurur: «Hər kəs Allahın onun sevdiyini bilmək istəsə, Allaha itaət edib bizə (Əhli-Beytə) tabe olsun».
Aydın oldu ki, Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı olsun) biz müsəlmanlara tapşırdığı əmanət məktəb əmanətidir. Biz bu həqiqəti Quran ayələrində də görə bilərik. Şura surəsinin 23-cü ayəsində buyurulur: «(Ey Peyğəmbər!) De: «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm». Həzrət Muhəmməd (Ona və ailəsinə Allahın salamı olsun) 23 illik peyğəmbərliyinin müqabilində Əhli-Beytinə sevgi bəsləməyimizi istəyir. Bu necə bir sevgi olmalıdır? Bu sevgi hissi bir sevgi istəyidirmi? Yoxsa bu, bir çox həvayi-nəfsinə qul olan müsəlmanların dilində olan sevgidir? Ümumiyyətlə bu sevgi nə üçündür? Ayədən istənilən sevgi nübuvvətdən sonra imamət sevgisidir. Yəni nübuvvətə olan sevgi imamətə də məxsus edilməlidir ki, bu sevgi Əhli-Beyt məktəbinə bağlantıya gətirib çıxarsın. Bu sevgi əməli sevgidir. İnsan öz yolunu, xəttini, məktəbini nə qədər çox sevərsə, onu bir o qədər də müdafiə edər və onun layiqli təmsilçisinə çevrilər. Həzrət Rəsulullah buyurur: «Əhli-Beytimi sevən məni sevər. Məni sevən Haqqı sevər. Əhli-Beytimi sevməyən məni sevməz. Məni sevməyən də Haqqı sevməz» deyib, mübarək əllərini açaraq buyurardı: «(Ey Rəbbim), Əhli-Beytimi sevəni sev. (Onları) sevməyəni sevmə».
Mövzumuzla əlaqədar olaraq bir ibrətamiz hədisə diqqət edək: Bir şəxs imam Sadiqin (Ona Allahın salamı olsun) hüzuruna gəlir. İmam buyurur: «Kimlərdənsiniz?» O şəxs cavab verdi ki, «Sizi sevənlərdən və sizin tərəfdarlarınızdanam». İmam buyurdu: «Allah-Taala Öz dostluq və vəlayətini qəbul etməyən bir qulu sevməz və dost tutduğu şəxsə cənnəti vacib edər». İmam sonra o şəxsdən belə soruşdu: «Bizi sevənlərin hansı qismindəsiniz?» Həmin şəxs susdu. İmamın səhabələrindən olan Sədir adlı şəxs İmamdan soruşdu: «Ey Rəsullahın oğlu, sizi sevənlər neçə qrupdur?» İmam buyurdu: «Bizi sevənlər üç qrupdur; Birinci qrup bizi gizlində yox, aşkarda sevər. Bir qrup da bizi aşkarda yox gizlində sevər. Digər qrup isə bizi həm aşkarda, həm də gizlində sevər. Məhz bu qrup ən üstün olanıdır. Bunlar dadlı və bol qaynaqdan susuzluqlarını aradan qaldıran Quranın təvil və təfsirini bilən, haqqı batildən ayırd edən və səbəblərin yaradanını (Allahı) tanıyan şəxslərdir. Bunlar cəmiyyətin ən üstünləridir. Fəqirlik, yoxsulluq və müxtəlif bəlalar atın sürətindən də daha sürətli bir şəkildə onlara (tərəf) yönəlir. Onlar şiddət və qəmlərə düçar olar, sarsılıb işgəncə görər, bir qismi öldürülüb, bir qismi yaralanar və uzaq şəhərlərə dağılarlar. Allah onların hörmətinə xəstələrə şəfa verər, fəqirləri ehtiyacsız edər, sizə kömək edər, yağış göndərər və sizi rizqləndirər. Sayları azdır, amma Allah qatında dəyər və mərtəbə baxımından çox yüksəkdədirlər…». 
Bəli, aydın olduğu kimi, ayədə qeyd olunan Əhli-Beyt sevgisi, Əhli-Beyt adlı məktəbə, yəni imamətə olan sevgidir. 
Həkəm ibni Üteybə belə nəql edir: «İmam Baqirin (Ona Allahın salamı olsun) hüzurunda idik. Elə bu vaxt qoca bir kişi bizə yaxınlaşaraq İmam Baqirə (Ona Allahın salamı olsun) salam verdi və Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı olsun) Əhli-Beytinə salavat göndərib dedi: «Ey peyğəmbər övladı! Məni özünə yaxınlaşdır. Allah-Taala məni sənə fəda etsin». Sonra dedi: «And olsun Allaha ki, mən sizi və sizin dostlarınızı sevirəm. Mənim bu məhəbbətim dünya mənafeyi üçün deyil. And olsun Allaha, mən sizin düşmənlərinizi də (özümə) düşmən sayıram. Mənim bu düşmənçiliyim də mənimlə onların arasında olan (şəxsi) məsələlər üçün deyil». Kişi getmək istədikdə, İmam Baqir (Ona Allahın salamı olsun) buyurdu: «Behişt əhlindən olan bir nəfəri görmək istəyən, ona baxsın». Həmin şəxs, Əhli-Beyt İmamlarını (Onlara Allahın salamı olsun) həm gizlində, həm də aşkarda sevdiyi üçün, İmam o şəxsin cənnət əhli olduğunu bildirdi. Bu şəxs həyatını İmamın həyat tərzi ilə uyğunlaşdırmağa çalışdığı üçün bu İlahi mükafata layiq görülmüşdür. 
Ustad Əllamə Muhəmməd Hadi Mərifət (r.ə) öz təfsirində bu hədisi nəql etdikdən sonra belə buyurur: «Məhəbbət və nifrət cəmiyyətin normallığında və qeyri-normallığında böyük təsirə malikdir. Müsəlmanların əmr sahiblərinə qarşı məhəbbəti də, onlara itaət etməyi tələb edir. Ərəb atalar sözündə deyildiyi kimi: «İnsan öz dostunun sözünü daha yaxşı eşidər». 
Bu, yolun başlanğıcıdır. Bu sevgidə insan yoğrulduqca bəndəlik yolunun yolçusuna çevrilmiş olar. Bu şəxsləri sevmək onlara bənzəməkdir. Onlar kimi həqiqi bəndə olmaqdır. Bu sevgi bizi dəyərli edir. Bu sevgi bizə Allah sevgisini öyrədir. Biz bu İlahi sevginin həqiqətini bütün Əhli-Beyt İmamlarının həyatında görürük. Bu məktəbə sevgi ilə bağlanmağımız üçün onların həyat tərzlərini daha dərindən öyrənməli və öyrəndiklərimizi öz həyatımızın əməl səhnəsində təzahür etdirməliyik. 

Календарь
«  Декабрь 2017  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

BİZİM SORĞU
Оцените мой сайт
Всего ответов: 31
Прогноз погоды в городе XANQIŞLAĞI

DOST SAYTLAR
  • Saraçlılar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Кулинарные рецепты

  • Архив записей

    Copyright MyCorp © 2017